Narkotik istifadə edib avtomobil idarə edən şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanılıblar.   

DİN-dən verilən məlumata görə, Qaradağ rayonu ərazisində yerləşən postda Bakı şəhər sakini Pərviz Ağarzayevin idarə etdiyi “Hyundai”, Şəmkir rayonu ərazisində yerləşən postda Bakı şəhər sakini Taleh Bədəlovun idarə etdiyi KİA, Balakən rayonunun Hənifə kəndi ərazisində isə kənd sakini Məmməd Hüseynovun idarə etdiyi “Tofaş” markalı avtomobillər saxlanılıblar. 

Polis əməkdaşları tərəfindən həmin sürücülərin və M.Hüseynovun sərnişini Ayaz Osmanoğlunun narkotik vasitə qəbul etmələri müəyyən edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 333.1, 327.1 və 333.2-ci maddələri ilə protokollar tərtib olunub.   

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə P.Ağarzayev iki il müddətinə sürücülük hüququndan məhrum edilməklə 400 manat, Şəmkir Rayon Məhkəməsinin qərarı ilə T.Bədəlov iki il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimələniblər. M.Hüseynov və A.Osmanoğlu barəsində isə protokollar tərtib edilərək Balakən Rayon Məhkəməsinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

0.29318118095398