Təbii qazın əlavə dəyəri iki dəfə artırılır - FOTO

2021-ci ildə ölkəmizdə ümumilikdə 12 957 847 000 kubmetrə yaxın təbii qaz istehlak olunub. Bu o deməkdir ki, istehlak həcmi 2020-ci illə müqayisədə 8,4 faiz artıb.

Ölkədə təbii qaz istehlakının bu qədər artmasını səciyyələndirən əsas səbəblər nələrdir?

İstehlak həcminin bu qədər artmasında əsas səbəb ölkədə qazlaşdırma səviyyəsinin 96,3 faizə çatdırılmasıdır. Proses 2022-ci il ərzində də davam edəcək. Son illər ərzində ölkədə yaşayış massivlərinin, bina və evlərin sayı artır. Xüsusilə də paytaxtda çoxmənzilli binaların sayında artım müşahidə olunur. Bu qazlaşdırmada faiz dərəcəsinə də təsir göstərərək prosesi davamlı edir. Hər il Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi abunəçilərinin sayında 70-80 min artım olur. Bu il də abunəçilərin sayındakı artıma müvafiq olaraq bəzi küçə xətlərinin çəkilməsi, kiçik yaşayış massivlərinin və ümumi 110-a yaxın ərazinin, həmçinin 52 kəndin qazlaşdırılması nəzərdə tutulur. 

Təbii qazın əlavə dəyəri iki dəfəyə qədər artırılır

Ölkəmizdə karbamid istehsalı “SOCAR Karbamid” zavodu tərəfindən həyata keçirilir. Ötən il karbamid gübrəsinin istehsal həcmi təqribən 3 dəfə artıb. Bu da ölkədə təbii qaz istehlakının artımına təsir göstərən əsas amillərdən biridir. Çünki, karbamid gübrəsi təbii qazdan əldə edilir, gübrə istehsalı artdıqca təbii qaza olan tələbat da artır. 

SOCAR təbii qazdan xammal kimi istifadə etməklə metanol və karbamid gübrəsi istehsal edir və bununla da təbii qazın əlavə dəyərini bir neçə dəfə artırır. Karbamid istehsal nəticəsində demək olar ki, təbii qazın əlavə dəyəri iki dəfəyə qədər artır.

Ümumiyyətlə, sənayedə xammal kimi təbii qazdan istifadə olunması onun əlavə dəyərini bir neçə dəfə artırmağa imkan verir. Karbamid istehsalı ölkədə həm də qeyri-neft sektorunun əsas lokomotivlərindən biri olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verir. Tərkibində 46 faizdən çox azot olan karbamid azot gübrələri içərisində ən keyfiyyətli və faydalı gübrə sayılır. Torpağa verilən hər ton azot əlavə olaraq 10-15 ton buğda, 30-40 ton şəkər çuğunduru, 2 ton kətan lifi almağa, habelə məhsulun keyfiyyətini daha da yaxşılaşdırmağa səbəb olur.

İstehsalda artım həm qeyri-neft sektorunun inkişafına, həm qeyri-neft ixracının artmasına töhfə verir, həm də təbii qazın xammal kimi əlavə dəyərini də 2 dəfəyə qədər artırır.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “SOCAR Karbamid” zavodunda son üç il ərzində istehsal olunan karbamid gübrəsinin satışı üç dəfə artmaqla, təxminən 372 min ton təşkil edib. Ötən il müəssisənin gəlirləri altı dəfə artaraq 223 milyon manata çatıb.

Müəssisədə istehsal olunan karbamid gübrəsi daxili bazarla yanaşı, xarici bazarlara da çıxarılır. Zavodun məhsullarının 87 faizi Braziliya, Türkiyə, Rumıniya, Rusiya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s. ölkələrə ixrac olunur.

Nigar Məmmədova

0.26653409004211