Salyanda həmyerlisini qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərildi

Həmyerlisini qəsdən öldürən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Salyan Rayon Prokurorluğundan verilən məlumata görə, 2021-ci il noyabrın 23-də Salyan rayon sakini Səbuhi Qasımovun öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Aparılmış istintaqla, zərərçəkmişin tanışı 1991-ci il təvəllüdlü Tural Nəzirovun Kür çayının Salyan şəhərindən keçən hissəsi üzərində yerləşən körpünün yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı əvvəlcədən özü ilə gətirdiyi bıçaqla Səbuhi Qasımovun ölümünə səbəb olan müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Tural Nəzirov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

0.36946392059326