Astarada qohumunu öldürən qadının cinayət işi məhkəməyə göndərildi

Astarada qohumunu öldürməkdə təqsirləndirilən qadının cinayət işi məhkəməyə göndərilib.

Astara Rayon Prokurorluğundan verilən məlumata görə, 2021-ci ilin oktyabrın 8-də rayonun Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla zərərçəkmişin qohumu 1994-cü il təvəllüdlü Gülsevər Ağayevanın şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevanın baş nahiyəsinə dəhrə ilə xəsarətlər yetirdikdən sonra üzərində olan bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Gülsevər Ağayevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

0.28705787658691