Tülkü dərisi, “ən bomba müğənni” medalı – Elza Seyidcahanın evindən REPORTAJ + FOTO

Kulis.az Əməkdar artist, bəstəkar Elza Seyidcahanın evindən reportajı hazırlayıb.

Həmin reportajı təqdim edirik:

Elza Seyidcahan çəkilişdən gələnə qədər onu yaşadığı məhəllədə (Kubinkada) gözləməli olduq. 
Bir qədər gözləyəndən sonra Elza xanım maşını ilə bizə yaxınlaşdı. 

– Elza xanım, nə qəribə yerdə yaşayırsınız?

– Elza Seyidcahanın özü kimi evi də qəribədir – Elza xanım zarafatından qalmırdı.

Evin içi də çölü kimi qəribə idi. Elza xanım qapının necə bağlandığını mənə izah edəndən sonra güclə qapını bağladım, özümü sındırmadım. Bu muzeyvari evdə ayaqqabısız gəzmək mənə qəbahət kimi gəlirdi. Düşünürdüm ki, bura vaksin sertifikatı olmayan adamları buraxmaq olmaz. 

Qonaq otağının dörd bir tərəfi rəsmlərlə əhatə olunmuşdu. Hər guşəsindən sənət qoxusu gələn otaq məni ilhamlandırdı, öz otağımı da bu formada dizayn etmək kimi bir arzuya düşdüm. Otağa bəzək verən ağ royalın üstündəki tülkü dərisi diqqətimi çəkdi. Heyvan haqlarının kəskin müdafiəçisi, heyvanlara konsert vermiş Elza Seyidcahanın evində tülkü dərisinin olması məni xəyal qırıqlığına uğratsa da, hər şeydə bir hikmət var deyib bu düşüncələri özümdən uzaqlaşdırdım.

Elza xanım bir az sonra yanımıza gəldi. Şələ-şüləmizi yığıb ikinci mərtəbəyə qalxdıq. İkinci mərtəbədə Elza xanımın pianinosu, təltifləri, mükafatları olan otaqda vaxt keçirtdik. Şkafda gözümüzə dəyən “Ən bomba müğənni” mükafatına xeyli güldük. Hələ stolun üstündə bir diplom var idi ki, bizi lap heyrətləndirdi. Bu, “Qoyunçuluğun təbliği və iqtisadiyyatda rolu mövzusunu kütləvi şəkildə təbliğinə görə" diplomu idi. Elza Seyidcahan qoyunların müdafiəsinə diqqət çəkən qoyun qığından paltarına görə bu mükafata layiq görülmüşdü.

Otaqdakı pianinoda öz bacarıqlarımızı nümayiş etdirməyə başladıq. Düzü, bacarığım “Cip, cip, cücələrim”dən o tərəfə keçməsə də, Elza Seyidcahanın pianinosunda bunu ifa etmək də böyük şey idi. Allah bilir, hansı möhtəşəm musiqilərin bəstələndiyi pianinoda ağzıma gələni çalmağım həm də pianinoya, notlara hörmətsizlik idi. Buna görə bütün pianinolardan və bəstəkarlardan üzr istəyirəm.

Elza xanım bizi çay içməyə dəvət etdi, əlbəttə, mətbəxdən gətirəcəyi naz-nemətləri o biri otağa aparmaq lazım idi. Meyvələrlə dolu qabı Elza xanımdan alıb əsas otağa apardım. Bu otağın hər tərəfi oyuncaqdan ibarət idi desəm, yəqin ki, bu iddia mübaliğə hesab olunmaz. Kollektivimiz yavaş-yavaş pianino olan otaqdan çıxıb oyuncaqlı otağa keçdi. Elza xanım qarşımıza şirniyyatlar, çay qoyaraq bizə böyük qonaqpərvərlik nümayiş etdirdi. Necə deyərlər, “kollektivin qeydinə qalmaq lazımdır” replikası həmin gün Elza xanımın evində vücud tapmışdı.

– Bu otaqda nəvəmin oyuncaqları var. Ortalığı yığışdırmağa vaxt olmayıb, üzrlü sayın.

– Nəvəniz Səmərrux idi də, hə? – Özümü elə aparırdım ki, guya Pentaqonun məxfi sirlərindən xəbərdaram.

Elza xanım da bizimlə çay süfrəsinə əyləşdi.

Müsahibə bitəndən sonra şey-şüyümüzü yığıb getməyə hazırlaşdıq. Görüşün sonlarında Elza xanım royalda ifa edərək zövqümüzü oxşadı. Qapıya qədər bizi yola saldı, sağollaşıb evdən çıxdıq.

Bu yerdə reportajımızın sonuna çatdıq və Elza xanımın bayaq yeyə bilmədiyimiz almaları qapının ağzına düşdü.

1.2246499061584