Prezident Orta Zəyziddə quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəkinin Orta Zəyzid kəndində “Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Leyla Əliyevaya məlumat verdi.

Bildirildi ki, müəssisənin 100 hektar bağ sahəsi var. Həmin ərazidə Fransa, İtaliya və Türkiyədən gətirilmiş 55 mindən çox meyvə ağacından, o cümlədən şaftalı, nektarin, ərik, gavalı, xurma, gilas, alma və alça meyvələrinin bir neçə növündən ibarət bağ salınıb.

Diqqətə çatdırıldı ki, meyvə bağının suvarma suyu ilə təminatı üçün 8 artezian quyusu qazılıb, ümumi həcmi 15 min kubmetr olan su tutarları tikilib. Ərazinin fasiləsiz və səmərəli suvarılması məqsədilə 2 su nasosundan ibarət stansiya qurulub, müasir suvarma texnologiyalarının bütün texniki normalarına uyğun damcılama suvarma sistemi yaradılıb.

Müəssisənin ərazisində logistik mərkəz fəaliyyət göstərir. Bu mərkəzə ümumi həcmi min kubmetr olan 9 soyuducu kamera, gündəlik istehsal gücü 3 ton olan qurutma, saatda 5 ton istehsal gücü olan çeşidləmə və qablaşdırma avadanlıqları, anbar binası, ofis və digər yardımçı binalar daxildir.

Məlumat verildi ki, müəssisədə və bağ sahəsində 38 nəfər daimi, 120-150 nəfər mövsümi işçi çalışır. Ümumi dəyəri 7,5 milyon manat olan müəssisənin yaradılması üçün Sahibkarlığın İnkişafı Fondundan 2,5 milyon manat güzəştli kredit götürülüb.

13:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəkinin Orta Zəyzid kəndində “Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olublar.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.