İraq prezidenti: “Hökumətimiz iqlim dəyişikliyi ilə mübarizə üçün səy göstərir”

 

“İraq hökuməti iqlim dəyişikliyi ilə mübarizə üçün səy göstərir”.

“Report” xəbər verir ki, bunu İraq Prezidenti Əbdüllətif Camal Rəşid Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.

“Uzun illər davam edən münaqişələrdən sonra İraqda sabitlik və sülh hökm sürur”, - Ə.Rəşid bildirib. Onun sözlərinə görə, dağıntıların və münaqişələrin acı təcrübəsini yaşamış İraq sülhün yalnız dialoq yolu ilə əldə oluna biləcəyinin ən bariz nümunəsidir.

Dövlət başçısı qeyd edib ki, yeni İraq qonşuları ilə qarşılıqlı hörmət və diplomatiyaya əsaslanan münasibətləri gücləndirməyə çalışır, ümumi sərhəd təhlükəsizliyi məsələlərinə, təhlükəsiz və adekvat su təchizatının təmin edilməsi üçün transsərhəd su ehtiyatlarından xüsusi istifadəyə diqqət yetirir.

“Yeni İraq sabitlik və iqtisadi inkişafla səciyyələnir, cəmiyyətdə ədaləti və bərabərliyi təmin edir. Dövlət təhsil, səhiyyə, içməli su, ərzaq təhlükəsizliyi, keyfiyyətli ictimai xidmətlər və daha yaxşı dövlət infrastrukturunun yaradılması üçün şərait yaratmağa çalışır”, - Əbdüllətif Camal Rəşid bildirib.

O bildirib ki, İraq Qoşulmama Hərəkatının prinsip və normalarını rəhbər tutur.

0.55157804489136