Azərbaycan gənclərindən “peqovkimilər”ə tarixi dərs: “WarGonzo” növbəti dəfə ifşa olundu - VİDEO

Erməni təbliğat maşını və onun əlaltıları Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq üçün heç bir fürsəti əldən vermir. Onların əlinə düşmüş növbəti belə “fürsət” hava limanı ərazisində Əfqanıstan qaçqınlarının videosu olub. Yəqin ki, hər birimiz başda Mikayel Badalyan olmaqla sosial şəbəkənin erməni seqmentinin böyük canfəşanlıqla tirajladığı həmin videonu görmüşük.

Ermənilərin və onlara çalışan təxribatçıların iddiası videonun Bakıda çəkilməsi, Əfqanıstandan olan minlərlə qaçqının Azərbaycan paytaxtına gətirilməsidir.

İndi isə bir qədər məsələnin əsl mahiyyətini izah edək. Əslində video Vaşinqtonun “Dulles International” hava limanında həmyerlimiz tərəfindən çəkilib. Sosial şəbəkədə fəal olan (“Karabakhru” və “Bez Masok” “Telegram” kanallarını idarə edən) intellektual gənclərimiz erməni təbliğat maşınının qarşısına “yem” olaraq sözügedən videonu atmaq qərarına gəliblər. Ermənilərin və onlara çalışan, erməni xalqının deyil, diasporunun pullarının “təəssübkeş”ləri olan Yuri Kotenok, Semyon Peqov kimilərin məsələ Azərbaycana böhtan atmaq olanda gözlərinin heç bir şeyi görməyəcəyini düşünən azərbaycanlı gənclər yanılmayıb. Azərbaycana qarşı qara piarın aparılması, Azərbaycan dövlətinin və xalqının qaralanması üçün əllərinə fürsət keçəndə ruhları bədənlərindən ayrılan, sevincdən az qala huşunu itirən Semyon Peqov və Yuri Kotenok kimilər dərhal bu “yem”i qapıblar. Şuşada müəmmalı şəraitdə “yaralanan”, əslində isə erməni havadarlarının hazırladığı səhnəcikdə baş rolu ifa edən Y. Kotenok videodan o qədər həzz alıb ki, Bakıya gələn əfqanların sayının 160 min olduğunu iddia edəcək qədər azğınlaşıb.

“WarGonzo” layihəsi adı altında Qarabağa qanunsuz səfərlər edən, hətta uzun müddət Şuşanın ermənilərin əlində olduğunu iddia edən, Qarabağdan qaçışda erməni əsgərlərindən heç də geri qalmayan Semyon Peqov üçün isə bu video lap göydəndüşmə olub. Əlbəttə, S. Peqov ermənilərin əlaltıları arasında öz “intellekti” ilə daim seçilir. O, da ən azı “taktiki olaraq geri çəkilmə strategiyası”nın müəllifi, Qarabağda “Bayraktar”ların səsi gələndə bir-birinə sığındıqları dostu Artsrun Ovannisyan kimi “etibarlı” mənbə sayılır. Necə deyərlər, S. Peqov tarixin ən rəzil yalançısından “master klass” (ustad dərsləri) alıb. O, böyük yalançının yanında yetişmiş kiçik yalançı olmağı özünə sığışdıra bilməzdi. Belə olan halda, Semyon Peqovu Əfqanıstan qaçqınlarının təkcə Bakıya gətirilməsi kimi sadə bir yalan qane etməyib. Ələ düşmüş bu fürsətdən maksimum istifadə üçün S. Peqov videonu təqdim edərkən bu qaçqınların Qarabağa köçürüləcəyini də əlavə edib. Hər halda “bitərəf jurnalist”in bu “möhtəşəm ideya”nı tapması üçün beyin işlətməsinə gərək olmayıb. Çünki məlumatı yoxlamadan, sadəcə Azərbaycanın əleyhinə ola biləcəyini düşünməklə təqdim edən “Peqovkimilər”in tək məqsədi Azərbaycanın nüfuzuna xələl gətirmək, ona qarşı qarayaxma kampaniyasına töhfə verməkdir. Bu zaman isə onları beyinləri deyil, erməni havadarların pullarına olan sonsuz eşq idarə edir.  

Ancaq yekunda Peqovun “beyin məhsulu”nun əslində feyk olduğunu sübut edən azərbaycanlılar, onun lağ obyektinə çevrilməsinə səbəb olub. Lakin atalar yaxşı deyib: atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar. Görünür, S. Peqov da onların yanında qalmaqla erməni olmasa da, riyakarlıq xislətini tam mənimsəyib.

İfşa olunan, iç üzü ortaya qoyulan və beynindən istifadəni bir kənara qoymuş S. Peqov, bəlkə də susmaqla birtəhər erməni ağalarının və ictimaiyyətin qarşısında bu rəzil vəziyyəti unutdura bilərdi. Ancaq o, erməni olmasa da, tam onlara xas riyakarlıq göstərərək, bu dəfə videonun saxta olmadığını iddia edib. Guya ki, nə S. Peqov aldanıb, nə də ifşa olunub.

“İndi onlar (azərbaycanlılar nəzərdə tutulur – red.) yəqin ki, videonun Papua Yeni Qvineyada çəkildiyini yazmağa başlayacaqlar”, - Peqov bu fikri layihənin “Telegram” kanalında qeyd edib.

Bu cür “ağıl və intellekt səviyyəsi” ilə S.Peqovun hətta Papua Yeni Qvineyanın varlığından xəbərdar olması belə təqdirəlayiqdir. Ancaq bu, onun iç üzünün açılmasının qarşısını ala bilməz. Böyük riyakarlıqla videonun feyk olmadığını iddia edən və bunu guya azərbaycanlıların ifşasına cavab olaraq ortaya qoyan erməni xislətli “jurnalist” artıq videonu layihənin hesabından da silib.

Əsl ermənilərə, onların xislətini daşıyanlara, onların pulları ilə şər-böhtan kampaniyalarına cəlb olunanlara layiq davranış. İç üzün açılır, rüsvay olduqdan sonra daha bir yalan uydurursan, ancaq sonda həmin uydurmanın sübutunu da özün öz əllərinlə silirsən. Ayaqda alqışlanmalı olan bir riyakarlıq tamaşası... Baş rolda isə erməni xislətli “peqovkimilər”....

Ermənilərə əlaltılıq edənlərin də onların ağlına sahib olması, onlar qədər “intellektual” olması bizim üçün müsbət məqamdır. Çünki bu cür intellektlə sadəcə sonda rüsvay olmaq mümkündür. Biz isə bundan sonra da onların əsl üzünü ortaya çıxarmağa, ifşa etməyə davam etməliyik. Azərbaycana qarşı kampaniya başlatmaq üçün fürsət güdənlər nə qədər sayıq davranırlarsa, ələ kiçicik belə fürsət düşməsini gözləyirlərsə, biz onlardan daha sayıq, daha diqqətli olmalıyıq. Düzdür, onlar bu “beyin”lə hələ çox rəzil duruma düşəcəklər, özləri özlərini hələ dəfələrlə ifşa edəcəklər, ancaq biz yenə də ehtiyatı əldən verməyək. Ehtiyatlı olaq ki, “peqovkimilər”in aqibəti bu gün olduğu kimi hər zaman rüsvayçılıq, rəzillik olsun...

Orxan Tağıyev

0.39409184455872