Deputat: “Bu cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb olunmayıb”

“Azərbaycan tarixində unudulmaz, əbədi olaraq yaddaşlara həkk olunan günlər, tarixin səhifəsindən silinməz anlar çoxdur. 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, eyni zamanda milli qürur və milli fəxarət tarixi, canı ilə, qanı ilə dastan yazdığı gündür”.

Xeber-ps.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O, 20 yanvar faciəsi ilə bağlı fikirlərini ifadə edərkən bu hadisənin tariximizdə özünəməxsus yer tutduğunu və xalqımızın milli mənlik şüurunda, həmçinin azərbaycançılıq ideologiyası təfəkküründə dərin və əbədi iz qoyduğunu bildirib:

“Azərbaycan xalqı 1990-ci ilin yanvar ayında televiziya ekranlarında öz həmvətənlilərinin nə cür qəddarlığa məruz qalmasına dəhşətli şəkildə şahidlik etdi. Ümumilikdə Respublikada 147 nəfərin öldürülməsi, 744 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlakın məhv edilməsi ilə nəticələnən Qanlı Yanvar hadisəsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır hərbi cinayətlərdən birinə çevrildi.

1990-cı ildə, yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilib. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 

“Mülki və siyasi hüquqlar haqqında” qəbul edilmiş 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməli olmasına baxmayaraq, şəhər əhalisinə heç bir xəbərdarlıq edilməmiş və yalnız kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumat efirə verilib.

Faciədən sonra Azərbaycanda milli azadlıq hərəkatı dönməz xarakter aldı və xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanın yaranmasında gördü. Baş vermiş hadisələrdən sonra dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

O zamanlar bu proseslərə qiymət vermək, münasibət bildirmək həddindən artıq qorxulu məsələ idi, amma buna baxmayaraq, 20 Yanvar hadisələri ilə bağlı ilk rəsmi etiraz ulu öndər Heydər Əliyev tərəfindən səsləndirildi. O, heç bir təhlükədən çəkinməyərək 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edərək Azərbaycan xalqını birliyə səslədi.

20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ümummilli Lider Heydər Əliyevin gördüyü böyük işlər, əsasını qoyduğu uğurlu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün də ləyaqətlə davam etdirilir. 

Baxmayaraq ki, qanlı faciənin üzərindən 32 il keçir, bu cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb olunmayıb və bir çox beynəlxalq təşkilatlar çox təəssüf ki, bu günədək susurlar. Əminəm ki, müstəqilliyimizin oyanışı tarixində baş vermiş ağır cinayət hadisələrinə birmənalı hüquqi qiymət veriləcəkdir. 

20 Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qalmaqla yanaşı, həm də Prezidentin vurğuladığı kimi, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin ağır gündə bütün hədələrə, təhdidlərə, ölümlə üz-üzə dayanmasına baxmayaraq, xalqımız müstəqillik, azadlıq uğrunda lazım gələndə şəhid ola biləcəyini də göstərdi. Elə buna görə də, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, istər 20 Yanvar şəhidlərinin, istərsə də 90-cı illərin Qarabağ və Vətən müharibəsi şəhidlərinin ruhu daim anılacaq, onların əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq”.