Avropanın əsas problemi: Rusiya qazının asılılığından necə qurtulmaq olar? – TƏHLİL

Rusiya qazından asılılığı minimuma endirmək, siyasi və iqtisadi təhdidləri azaltmaq Avropanın qarşısında duran əsas problemə çevrilib.

İllərdir ki, Avropa hər cür vasitələrlə bu problemin həllinə çalışır, müxtəlif layihə və planlar üzərində baş sındırılır, lakin çıxış yolu tapılmır. Əksinə, asılılıq daha da artır. Məsələn, reallaşması mümkünsüz görünən "Şimal Axını-2” layihəsinin qarşısında artıq heç bir baryer qalmayıb. Layihənin əleyhdarı olan ABŞ da onun reallaşmasına mane olmaqdan vaz keçib. Bu, hansı anlama gəlir?

Həqiqətənmi, Avropa Rusiya qazına təslim olur? Axı iqtisadi asılılıq siyasi asılılıq gətirəcək. Gündəmdə isə Ukrayna gərginliyi və hətta müharibə ehtimalıdır. Və bu ehtimal günbəgün artır. Müharibə baş verəcəyi təqdirdə, Ukrayna tək qalacaq? Avropa donmaqdan qurtulmaq üçün susacaq?  

Mövzu ilə bağlı “Kaspi” qəzetində maraqlı məqalə dərc olunub.

Beləliklə, fakt odur ki, Rusiya Avropanın əsas qaz tədarükçüsü funksiyasını uğurla davam etdirir. Hazırda Avropa İttifaqı daxilində ölkələri Rusiya qazından asılılıq dərəcəsinə görə bir neçə qrupa bölmək mümkündür. Birinci qrup ölkələr, demək olar ki, Rusiyadan qaz idxal etmir. Digər qrup ölkələr Rusiya qazından müəyyən qədər asılıdır. Üçüncü qrup ölkələr isə Rusiya qazından tamamilə asılıdırlar. Bu qrup ölkələrin kifayət qədər qaz saxlama anbarları yoxdur. Ona görə də, bu qrupa daxil olan ölkələr Rusiya qazından yüksək dərəcədə asılı olduqları üçün, onları ittifaqın "zəif üzvləri” adlandırırlar. Belə götürəndə, Rusiya qazından asılı vəziyyətdə qalan Avropanın mövcud durumu dəyişmək şansı yaxın perspektivdə görünmür. Qərbin asılılıqdan qurtulmaq üçün enerji təchizatçılarını diversifikasiya etmək cəhdləri də bir nəticə vermir. Bir faktı da qeyd edək ki, 2014-cü ildə Krımın işğalından sonra Rusiya Avropanın qaz bazarındakı payını artırıb. Ötən il Moskva Avropaya 123,8 milyard kubmetr qaz verib ki, bu da bazarın 29%-ni təşkil edir. Bundan əlavə, Rusiya Avropanı tankerlərlə daşınan sıxılmış təbii qazla təmin edir. Avropada qazın qiymətləri 2021-ci ilin aprelində artmağa başlayıb və o vaxtdan bəri 8 dəfə yüksəlib.

Son vəziyyət belədir ki, qış mövsümünün qızğın vaxtında Avropanın qaz ehtiyatları minimum səviyyəyə düşüb. "Əgər Ukrayna böhranına görə Rusiya Avropaya qaz tədarükünü dayandırarsa, o zaman maye qaz bu problemi həll edəcəkmi?” Bu sualla Almaniyanın "Deutsche Welle” nəşri çıxış edib. Qəzet yazır ki, Rusiya Ukrayna böhranına görə tədarükünü dayandırsa, o zaman mayeləşdirilmiş təbii qaz (LNG) boşluğu doldurmaya bilər. Nəşr qeyd edir ki, nüfuzlu "Commerzbank" Avropa İttifaqında təbii qaz ehtiyatları ilə bağlı cari məlumatları dərc edib. Almaniyanın ikinci ən böyük kreditoruna görə, Avropa bloklarındakı anbarlar yarıdan da azdır. "Commerzbank Frankfurt”un baş iqtisadçısı Bernd Veidensteyner "adətən qışda anbarlar 60% dolu olur, amma hazırda anbarda qazın miqdarı 47% təşkil edir” deyib. Bankın "Twitter”də yerləşdirdiyi qrafikə əsasən, əvvəlki illərdə Avropa anbarlarının dolğunluğu yanvar ayında 85%-ə qədər olub. "Qazprom” şirkəti oktyabr ayında təbii qaz tədarükünü kəsəndə Avropa artıq enerji problemlərindən əziyyət çəkirdi. Veidensteyner xəbərdarlıq edir ki, Rusiya hərbi münaqişə və ya hər hansı bir Qərb sanksiyaları səbəbindən təbii qaz tədarükünü kəsərsə, Avropanın bir sıra anbarları boşalacaq.

Qəzet vurğulayır ki, son on ildə şist bumu sayəsində ABŞ dünyanın ən böyük LNG ixracatçısına çevrilib və indi də Avropaya ixracını artırmaq istəyir. ABŞ şirkətləri LNG ixrac qabiliyyətini 20% artıraraq gündə 4 milyard kubmetrə çatdırsa da, Beynəlxalq Enerji Agentliyinə görə, Rusiya qəfildən kranları bağlasa, yeni tədarüklər Avropanı xilas etmək üçün kifayət etməyəcək. "Reuters” xəbər verir ki, Avropanın enerji zəifliyi səbəbindən ABŞ hökuməti bu yaxınlarda bir neçə beynəlxalq enerji korporasiyası ilə Rusiya qazının mövcud olmadığı təqdirdə Avropaya qaz tədarükü planını hazırlamaq üçün danışıqlar aparıb. "Reuters” ABŞ rəsmilərinə və sənaye mənbələrinə istinadən yazır ki, Dövlət Departamenti əlavə təchizatların necə təmin oluna biləcəyini öyrənmək üçün şirkətlərlə əlaqə saxlayıb.

Belə bir mürəkkəb durumda Avropanın köməyinə Türkmənistan, eləcə də, Azərbaycan qazı çata bilər. Məsələn, Türkiyənin "Hürriyet" qəzeti yazır ki, Azərbaycanın təbii qazını Türkiyə üzərindən Avropaya daşıyan Trans Adriatik təbii qaz kəməri (TAP) Avropada "tarazlığı” pozub. Kəmərin işə salınması ilə Azərbaycanın təbii qaz ixracı ötən il əhəmiyyətli dərəcədə artıb. Bu çərçivədə 2021-ci ildə Azərbaycandan Avropaya 8,15 milyard kubmetr, Türkiyəyə isə 8,5 milyard kubmetr qaz ixrac edilib. Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 kilometr uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. TAP, Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir.

0.3111560344696