Fuad Əliyev: Ərdoğanın davamçısı varmı?

Qardaş məmləkətdə əsrin ən dağıdıcı zəlzələsi ölkənin siyasi həyatına da öz təsirlərini göstərməyə başlayıb. Söhbət ilk növbədə mayın 14-nə təyin edilən prezident və parlament seçkilərinin vaxtının dəyişdirilməsindən gedir. Bu məsələdə iqtidarla müxalifət, belə görünür, fərqli baxışlara sahibdir. 

Fevralın 17-də Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu prezident seçkisi ilə bağlı açıqlama verib. CHP lideri hökumətin seçkini ertələmək istədiyini deyib. “Seçkiləri təxirə salmağa çalışırlar. Açıq deyirəm, seçkilər vaxtında olacaq. Ali Seçki Komissiyası bu tələbi səsləndirsə, bu, demokratiyaya zərbə olar”, - Kılıçdaroğlu bildirib.

“Habertürk” isə məlumat yayıb ki, Türkiyə Ali Seçki Komissiyası prezident və parlament seçkilərinin təxirə salınması təşəbbüsü ilə çıxış edə bilər. Qeyd olunub ki, seçkilərin 6 aydan bir ilə qədər müddətə təxirə salınması mümkün görünür. Bu həm də zəlzələ sonrasında seçkilərin təşkilinin qeyri-mümkünlüyü ilə izah edilir.

Bəs müxalifət nədən seçkilərin vaxtında keçirilməsində israrlıdır? Olmaya zəlzələnin onun şanslarını artırdığını, Ərdoğanın şansını isə azaltdığını düşünür? Müxalifət və iqtidar bu məsələdə ortaq mövqeyə gələ biləcəkmi?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP)dri Fuad Əliyev:

“Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Bülent Arınç seçkilərin təxirə salınmasını təklif edib. O, seçki tarixi ilə bağlı üç təklif irəli sürüb. Və ən əsası təklif, o, seçkilərin bütün siyasi partiyaların razılaşdığı tarixdə keçirilməsini təklif edib. Hesab edirəm ki, indiki vəziyyətdə, bütün siyasi partiyaların razılaşdığı tarix müəyyən etmək çox çətin olacaq. Ərdoğan hakimiyyəti üçün indi ən vacib olan fəlakətin nəticələrini aradan qaldırmaqdır. Türkiyə müxalifətin zəlzələdən qabaq olan reytinqi Ərdoğanın reytinqindən çox aşağı idi. İndi müxalifət nümayəndələri belə hesab etdilər ki, zəlzələnin ağır nəticələri Ərdoğan hakimiyyətinin imicinə böyük zərbə vurub. Zəlzələnin baş verəndən 2-3 gün sonra, böyük miqyasda olan dağıntıları əsas götürərək, Türkiyə müxalifəti dərhal ittihamlara keçdilər. Nəzərə alsaq ki, son dövrdə ABŞ-Türkiyə münasibətləri çox gərgin idi, Türkiyə müxalifəti dolayısı ilə ABŞ-ın dəstəyini almağa da çalışır. Türkiyə müxalifət olaraq ”altılı masa" çox yaxşı bilir ki, Ərdoğan hakimiyyəti zəlzələ fəsadlarını aradan qaldıracaq və bununla da iqtidarın mövqeyini gücləndirəcək. Ona görə də “altılı masa” tələsir. Bu gün Ərdoğanın hakimiyyətdə qalması və ölkəni toparlanmasını daha məqbul sayıram. Əsas məsələ məncə, bu da deyil. Əsas məsələ, fikrimcə, post-Ərdoğan dövrüdür getməlidir. Ərdoğanın davamçısı varmı? AKP onun kimi qətiyyətli bir siyasətçini yetişdiribmi? Çünki 5-7 il sonra bu məsələ ortaya çıxacaq. Və belə bir namizəd olmasa, ABŞ Türkiyənin regionda, dünyada mövqeyini zəiflətmək üçün daha aktiv fəaliyyətə keçəcək. Amma indiki gözlənilən seçkilərə gəlincə Ərdoğanın qalib olacağına şübhə etmirəm".

/Yeni Müsavat/

0.42055702209473